“Rusiya 2018”: Portuqaliyanı məğlub edən Uruqvay millisi dörddəbir finala yüksəlib

A- A A+

İyunun 30-da futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ilk gününün ikinci oyununda Uruqvay və Portuqaliya yığmaları qarşılaşıblar.

NUHÇIXAN xəbər verir ki, Soçidəki “Fişt” stadionunda oynanılan görüşdə Uruqvay yığması 2:1 hesabı ilə qalib gələrək dörddəbir finala ikinci vəsiqənin sahibi olub.

Meksikalı referi Sezar Ramosun idarə etdiyi oyunun əvvəlində ikiqat dünya çempionları erkən qolla hesabı açıblar. Görüşün 7-ci dəqiqəsində Luis Suaresin gözəl ötürməsini Edinson Kavani başla rəqib qapısından keçirib - 1:0.

İlk hissə bu hesabla başa çatıb. Fasilədən sonra təzyiqi artıran Portuqaliya yığması matçın 55-ci dəqiqəsində hesabı bərabərləşdirib. Güncdən zərbə ilə başlanan hücumda Gerreironun hava ötürməsindən sonra Pepe topu qapıdan keçirib - 1:1.

Lakin portuqaliyalıların sevinci cəmi yeddi dəqiqə davam edib. Rəqibi sürətli əks-hücumda yaxalayan Uruqvay millisi yenidən hesabda irəli çıxıb. Bentankurun ötürməsindən sonra topu saxlamadan qapıya göndərən Edinson Kavani baxımlı qolla dubla imza atıb.

Beləliklə, XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin ikinci oyununda Portuqaliya millisinə 2:1 hesabı ilə qalib gələn Uruqvay yığması dörddəbir finala yüksəlib.

Dörddəbir finalda Uruqvayın rəqibi Argentina millisini 4:3 hesabı ilə məğlub edən Fransa olacaq.

Futbol üzrə dünya çempionatının səkkizdəbir final mərhələsi çərçivəsində iyulun 1-də İspaniya-Rusiya, Xorvatiya-Danimarka matçları oynanılacaq. İyulun 2-də Braziliya-Meksika və Belçika-Yaponiya, ertəsi gün isə İsveç-İsveçrə və Kolumbiya-İngiltərə görüşləri baş tutacaq.

Çempionatın səkkizdəbir final mərhələsinin bütün görüşləri İdman Azərbaycan kanalında canlı yayımlanacaq.

Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: