İyulun 1-də Azərbaycan Futzal Federasiyası (AFF) İcraiyyə Komitəsinin (İK) videokonfrans formatında iclası keçirilib. İclasda AFF-in prezidenti Zaur Axundov, vitse-prezident Rəmiş Malıyev, İcraiyyə Komitəsinin (İK) üzvləri – Mahmud Sadıqov və Turqay Fərzəliyev, AFFA-nın futzal üzrə koordinatoru Zaur Hacı-Məhərrəmov iştirak ediblər.
AFF-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, iclasda koronavirus qlobal pandemiyası ilə əlaqədar qeyri-müəyyən müddətə təxirə salınmış Yüksək Liqanın oyunlarının davam etdirilib-etdirilməməsi ilə bağlı məsələ müzakirə olunub.
Pandemiya ilə əlaqədar yaranmış mövcud vəziyyət, infeksiyanın yoluxma statistikasının yüksəlməsi, ölkə ərazisində karantin rejiminin 2020-ci il avqustun 1-dək uzadılması, idman zallarının fəaliyyətinə qadağaların tətbiq edilməsi, ölkəmizi Çempionlar Liqasında təmsil edəcək klubun adının iyulun 31-dək UEFA-ya təqdim olunması, Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi müvafiq qərarlar və verilən tövsiyələr, futzalçıların, məşqçilərin və Yüksək Liqada oyunların təşkilində bu və ya digər şəkildə iştirak edən şəxslərin sağlamlığının qorunması nəzərə alınaraq, 2019/2020-ci il mövsümü üçün Yüksək Liqanın oyunları dayandırılması qərara alınıb. Həmçinin qalibin və digər mükafatçı komandaların hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilməsi ilə bağlı qərar yekdilliklə qəbul olunub.
Qərara əsasən, UEFA Çempionlar Liqasının 2020/2021-ci il mövsümündə ölkəmizi “Araz” klubu təmsil edəcək.