İyulun 1-də Xorvatiya millisi Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
NUHÇIXAN xəbər verir ki, mundialın səkkizdəbir final mərhələsi çərçivəsində Nijniy Novqorod stadionunda Xorvatiya və Danimarka milliləri qarşılaşıblar.
Argentinalı baş hakim Nestor Pitananın idarə etdiyi oyunda hesab birinci dəqiqədə açılıb. Danimarkalı Matias Yorqensen fərqlənib. Üç dəqiqə sonra xorvatiyalı Mario Mancukiç bərabərlik qolunu vurub. Komandaların cəhdlərinə baxmayaraq, oyunun ilk hissəsində hesab dəyişməyib – 1:1.
Qarşılıqlı hücumlar şəraitində keçən ikinci hissədə futbolçular fərqlənməyi bacarmayıblar və matç 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Qalibi müəyyən etmək üçün əlavə vaxt oynanılıb. Bu dəfə də qapılara top vurulmadığından qalib penalti seriyasında bəlli olub. Zərbələri dəqiq yerinə yetirən Xorvatiya millisi 3:2 hesabı ilə qalib gələrək növbəti mərhələyə adlayıb.
Xorvatiya millisi dörddəbir finalda iyulun 7-də Soçidə Rusiya yığması ilə qarşılaşacaq.