Beynəlxalq Olimpiya Komitəsinin (BOK) İcraiyyə Şurasının iclası və 136-cı sessiyası keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi BOK-un rəsmi saytına istinadla xəbər verir ki, beynəlxalq qurumun onlayn qaydada keçiriləcək iclası və sessiyası iyulun 15-dən 22-dək davam edəcək.
İlk iki gündə təşkil olunacaq İcraiyyə Şurasının iclasında BOK prezidenti Tomas Bax hesabatla çıxış edəcək. Bundan başqa, Yay və Qış Olimpiya İdman assosiasiyalarının, Milli Olimpiya komitələrinin, Atletlər Komissiyasının, Ümumdünya Anti-Dopinq Assosiasiyasının (WADA) hesabatları dinləniləcək.
BOK-un Koordinasiya Komissiyasının sədri Con Kouts iclasda “Tokio-2020” Olimpiya Oyunları ilə bağlı məruzə edəcək. Həmçinin Yeniyetmələrin “Dakar-2022” Yay və “Gangwon-2024” Qış Olimpiya Oyunlarının təşkilat komitələri yarışlara hazırlıqla bağlı hesabat verəcəklər.
İyulun 17-da başlayacaq BOK-un 136-cı sessiyası “YouTube” kanalı ilə canlı yayımlanacaq.
Toplantılardan sonra BOK prezidenti media nümayəndələrinin suallarını cavablandıracaq.