“Rusiya 2018”: Braziliya yığması dörddəbir finala vəsiqəni iki qolla təmin edib - FOTOLAR
İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin üçüncü gününün ilk görüşündə Braziliya və Meksika milliləri qarşılaşıblar.
NUHÇIXAN xəbər verir ki, “Samara Arena”da keçilən görüşün ilk dəqiqələrindən hər iki komanda qol vurmaq üçün irəli atılsa da, birinci hissədə qapılara top vurulmayıb.
Beşqat dünya çempionları oyunun ikinci hissəsinin əvvəlində hesabı açıblar. Matçın 51-ci dəqiqəsində Villianın ötürməsindən sonra Neymar topu qapıdan keçirib. Braziliyalılar oyunun sonuna yaxın hesab arasındakı fərqi iki topa çatdırıblar. Meksikalıların cərimə meydançasına daxil olan Neymarın ötürməsindən sonra Firmino komandasının ikinci topunu vurub – 2:0.
Beləliklə, braziliyalılar səkkizdəbir finalda Meksika yığmasına 2:0 hesabı ilə qalib gələrək dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Braziliya millisi növbəti mərhələdə Belçika-Yaponiya oyunun qalibi ilə qarşılaşacaq.
Xatırladaq ki, “E” qrupunda Kosta-Rika (2:0) və Serbiya (2:0) yığmalarına qalib gələn braziliyalılar İsveçrə millisi ilə isə (1:1) heç-heçə edərək qrupu 7 xalla ilk sırada başa vurublar.
“F” qrupunda ilk oyunda Almaniya yığmasını minimal hesabla məğlub edən (1:0) Meksika millisi ikinci turda cənubi koreyalılardan üstün olub (2:1). Sonuncu turda İsveç millisinə uduzan meksikalılar məğlubiyyətə baxmayaraq, qrup ikincisi kimi səkkizdəbir final mərhələsinə vəsiqə qazanıblar.
Günün saat 22:00-da “Rostov Arena” stadionunda start götürəcək ikinci oyununda Belçika və Yaponiya yığmaları qarşılaşacaqlar. Bu cütlüyün qalıbı dörddəbir final mərhələsində Braziliya millisi ilə üz-üzə gələcək.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.