İyulun 2-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsində Belçika-Yaponiya oyunu baş tutub.
NUHÇIXAN xəbər verir ki, “Rostov Arena” stadionunda keçirilən görüşdə ilk dəqiqələrdən hər iki komandanın fəallıq nümayiş etdirməsinə baxmayaraq, hesab açılmayıb.
Fasilədən sonra oyunun 48-ci dəqiqəsində yaponiyalıların yarımmüdafiəçisi Sibasakinin meydanın mərkəzindən ötürməsi Xaraqutinı qapıçı ilə təkbətək mübarizəyə çıxarıb. Xaraquti fürsəti əldən verməyib - 0:1. Qoldan sonra hücumlarını artıran Yaponiya millisi qarşılaşmanın 52-ci dəqiqəsində hesabı artırıb. İnui uzaq məsafədən baxımlı qola imza atıb -0:2.
Oyunun 69-cu dəqiqəsində künc zərbəsindən sonra Yan Vertonqen dəqiq baş zərbəsi ilə hesab arasındakı fərqi azaldıb - 1:2. Matçın 74-ci dəqiqəsində Maruan Fellaini hesaba tarazlıq gətirib - 2:2.
Oyunda dönüş yaradan belçikalılar oyunun əsas vaxtına əlavə olunmuş üçüncü dəqiqədə qələbə topunu vurmağa nail olublar. Çox gedişli ötürmələrdən sonra Naser Şadli dəqiq zərbə ilə tamamlayıb - 3:2. Beləliklə, Belçika millisi dörddəbir final mərhələsinə vəsiqə qazanıb.