“Tokio-2020” Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının qarşısında duran əsas vəzifə idmançıların və tamaşaçıların təhlükəsizliyinin təminatı olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə yarışların təşkilat komitəsinin sədri Mori Yoşiro bəyan edib. İyulun 23-də pandemiya təhlükəsinə görə təxirə salınan Olimpiya Oyunlarının başlamasına düz bir il qalacaq.
Gələn il iyulun 23-də başlayacaq Oyunlar 17 gün davam edəcək. Yarışlar cari ilin yayında planlaşdırıldığı kimi, eyni obyektlərdə həmin cədvəl üzrə təşkil olunacaq. Olimpiya və Paralimpiya Oyunlarında 10 mindən çox atlet idmanın 33 növü üzrə 339 yarışda mübarizə aparacaq.
M.Yoşiro bildirib ki, rəsmi şəxslərin qarşısında duran əsas vəzifə dünyanın bütün ölkələrindən gələcək insanların heç bir təhlükə hiss etmədən, həmin yarışlara qatılması üçün zəmanət verə bilmələridir. Məhz həmin rəsmi şəxslər karantin tədbirlərini, virus testləri və peyvəndləmə də daxil olmaqla tibbi xidməti təşkil etməlidirlər. Onlar, həmçinin yarışların keçiriləcəyi yerlərdə, idmançıların və qonaqların məskunlaşacaqları ərazidə, nəqliyyatda və məşq zallarında virus əleyhinə sanitar tədbirlər də görməlidirlər.