Azərbaycanın və Ukraynanın qadın şahmatçıları arasında start götürən onlayn turnir davam edir. Yarışda hər komandanın tərkibində 10 şahmatçı mübarizə aparır.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, turnirin birinci günündə rapid üzrə oyunlarda komandamız, demək olar ki, bərabər mübarizə nümayiş etdirib. Ukrayna yığması komandamızdan 1 xal hesabı ilə üstün olub (25,5:24,5).
Bu gün komandamız rapid üzrə daha 5 turda mübarizə aparacaq. İyulun 23-də isə blits qarşılaşmaları keçiriləcək.
Yığmamızın heyətində Günay Məmmədzadə, Gülnar Məmmədova, Xanım Balacayeva, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Nərgiz Umudova, Nərmin Xələfova, Zeynəb Məmmədyarova, Xəyalə Abdulla və Gövhər Beydullayeva yer alıblar.
Üç gün davam edəcək yarış 20 iyul - Beynəlxalq Şahmat Günü münasibətilə təşkil olunub. Turnir SOCAR, eləcə də Azərbaycan və Ukrayna Şahmat federasiyalarının təşkilatçılığı ilə baş tutub.