Bu gün Ümumdünya Şahmat Olimpiadasının birinci divizionunun yarışları start götürür

A- A A+

İyulun 25-də onlayn formatda start götürəcək Ümumdünya Şahmat Olimpiadasının birinci divizionunda 30 komanda üç qrupda mübarizə aparacaq.

NUHÇIXAN İnformasiya Agentliyi FIDE-nin saytına istinadla xəbər verir ki, seçmə yarışlarda hər qrupdan dörd komanda növbəti mərhələyə vəsiqə qazanacaq. Üç gün davam edəcək seçmə yarışların növbəti mərhələsi iyulun 29-dan 31-dək keçiriləcək.

Birinci divizionda sonuncu olimpiadalarda yaxşı çıxış etməmiş və ya ümumiyyətlə iştirak etməyən komandalar yer alıb. O cümlədən beş komanda - Butan, Kayman adaları, Qrenada, Laos və Müqəddəs Lusiya yarışda debüt edəcək. Myanma, Bruney-Darüssalam, Livan, Qətər, Bəhreyn, Burundi komandalarını bu divizionun favoritləri hesab etmək olar.

Turnirə ümumilikdə 163 komanda qatılıb. Ən güclü komandalar, o cümlədən Azərbaycan şahmatçıları top divizionda mübarizə aparacaqlar. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.

Xatırladaq ki, Ümumdünya Şahmat Olimpiadası ilk dəfə 1927-ci ildə Londonda keçirilib. Yarış 1950-ci ildən başlayaraq iki ildən bir təşkil olunur. Azərbaycan 2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edib. Sonuncu – 43-cü Olimpiada Batumidə təşkil olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: