İyulun 3-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının səkkizdəbir final mərhələsinin sonuncu oyununda İngiltərə və Kolumbiya milliləri qarşılaşıblar.
NUHÇIXAN xəbər verir ki, Moskvadakı “Spartak” stadionunda keçirilən matçda 11 metrlik cərimə zərbələri seriyasında qalib gələn İngiltərə millisi dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.
Qarşılıqlı hücumlar şəraitində keçən oyunun birinci hissəsində qapılara top vurulmayıb və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Matçın ikinci hissəsində “dumanlı albion” təmsilçiləri hesabı açıblar. Görüşün 57-ci dəqiqəsində Kolumbiya millisinin qapısına təyin olunan 11 metrlik cərimə zərbəsini dəqiq yerinə yetirən Harri Keyn mundialda altıncı qoluna imza atıb – 1:0.
Lakin İngiltərə millisi bu üstünlüyü oyunun sonunadək qoruyub saxlaya bilməyib. Matçın əsas vaxtına əlavə edilən hissənin 3-cü dəqiqəsində (90+3) Yerri Mina hesabı bərabərləşdirib – 1:1.
Görüşün əsas vaxtı heç-heçə başa çatdığından qalibi müəyyənləşdirmək üçün təyin olunan 15 dəqiqəlik iki əlavə hissədə də hesab açılmayıb. On bir metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən (4:3) İngiltərə yığması dörddəbir finala sonuncu vəsiqənin sahibi olub.
İngilislər dörddəbir finalda İsveç yığması ilə qarşılaşacaqlar. Yarımfinala vəsiqə uğrunda digər oyunlarda Uruqvay millisi Fransa yığması ilə, Rusiya Xorvatiya ilə, Braziliya isə Belçika millisi ilə qarşılaşacaq.
Mundialın dörddəbir final mərhələsinin görüşləri iyulun 6-7-də, yarımfinal matçları isə iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.