Beynəlxalq Olimpiya Komitəsi (BOK) və BMT-nin əməkdaşlığı çərçivəsində idman vasitəsilə insanların sağlamlığının qorunması istiqamətində işlər davam etdirilir.
NUHÇIXAN İnformasiya Agentliyi BOK-un rəsmi saytına istinadla xəbər verir ki, bu dəfə Tomas Bax və BMT-nin Narkotiklərə və cinayətkarlığa qarşı mübarizə idarəsinin (UNODC) rəisi xanım Qada Vali bir araya gəlib. Onlar idman sahəsində cinayətkarlıqla və narkomaniya ilə mübarizə məsələlərindən danışaraq müzakirələr aparıblar.
BOK-un prezidenti görüşdə idmanın narkomaniya və cinayətkarlıqla mübarizədə müstəsna əhəmiyyətini qeyd edib. Xanım Q.Vali isə postpandemiya dövründə idmanın gender bərabərliyinin inkişafına töhfə vermək imkanlardan söhbət açıb.
Görüşlə paralel olaraq BOK, UNODC və Interpol Avropa Şurasının dəstəyi ilə Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA), Beynəlxalq Basketbol Federasiyası (FIBA) və Beynəlxalq Bobsley və Skeleton Federasiyasının (IBSF) dəstəyi ilə Baltikyanı region üçün vebinar keçirilib. Vebinarın təşkilində məqsəd milli və regional səviyyədə əməkdaşlığın təşviq edilməsi, idman yarışlarının manipulyasiyası ilə riskləri azaltmaq işinə kömək göstərilməsidir.