Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan və Türkiyə Şahmat federasiyalarının təşkilatçılığı ilə növbəti onlayn yarış keçiriləcək.
Azərbaycan Şahmat Federasiyasından NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bu dəfə Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü təşkil olunacaq.
Avqustun 8-də start götürəcək yarışda Azərbaycan komandasının əsas heyətində üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov, dünya kubokunun qalibi Teymur Rəcəbov, Avropa çempionatının mükafatçıları Günay Məmmədzadə, Gülnar Məmmədova, eləcə də Vüqar Əsədli və Xanım Balacayeva çıxış edəcəklər. Ehtiyat heyətdə Avropa çempionları Rauf Məmmədov, Qədir Hüseynov, qitə birinciliyinin mükafatçısı Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, 16 yaşlılar arasında dünya birinciliyinin qalibi Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alacaqlar.
Reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.
Hər gün saat 19:00-da başlayacaq yarışın partiyaları “İdman TV”də canlı şərh olunacaq.
Hazırda FIDE-nin təşkilatçılığı ilə internet üzərindən Ümumdünya Şahmat Olimpiadası keçirilir. Türkiyə millisi onlayn Olimpiadada mübarizəyə avqustun 15-də, Azərbaycan millisi isə avqustun 21-də qoşulacaq.
Xatırladaq ki, pandemiya dövründə Azərbaycan Şahmat Federasiyasının təşkilatçılığı ilə internet üzərindən Azərbaycan Kuboku, “İpək Yolu” turniri, qadın şahmatçılar arasında Azərbaycan-Ukrayna komandaları arasında yoldaşlıq görüşü keçirilib.