Ümumdünya Şahmat Olimpiadası: daha 50 komanda mübarizəyə başlayır

A- A A+

İlk dəfə onlayn formatda keçirilən Ümumdünya Şahmat Olimpiadası tədricən şahmat həyatının ayrılmaz hissəsinə çevrilir. Üçüncü həftəsonu ardıcıl olaraq, dünyanın hər yerindən oyunçular şahmat taxtaları arxasında mübarizəyə başlayırlar, bazar günü axşam divizionda qaliblər müəyyənləşir. Daha sonra növbəti turun püşkatmasının nəticələrindən sonra qruplar üzrə mübarizə aparacaq komandaların adları açıqlanır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, avqustun 7-də olimpiadanın növbəti – 3-cü divizionunda oyunlar başlayacaq. Bu mərhələdə mübarizə aparacaq 50 komandanın heyətində yer alan şahmatçılardan 15-i qrossmeysterdir. Divizionun oyunları A qrupunda qarşılaşmalarla start götürəcək. Bu qrupu “Asiya komandası” da adlandırmaq olar. Çünki on komandanın altısı dünyanın bu qitəsinin təmsilçiləridir. Sinqapur yığması Asiya komandalarının ən güclüsüdür. Bu komanda Monako və Albaniya ilə birlikdə A qrupunda açıq favorit hesab olunur. İki potensial rəqib – Sinqapur Monako ilk turda bir-biri ilə qarşılaşacaq və bu qarşılaşma başlanğıc gününün mərkəzində olacaq. Hər iki komandanın heyətində qrossmeysterlər var. Monakonun oyunçuları, qrossmeyster İqor Yefimov, eləcə də, bir vaxtlar şahmat olimpiadalarının ən gənc iştirakçısı olan Fiorina Berezovskayanın oyunlarını izləmək maraqlı olacaq. Əvvəlki mərhələlərdə iştirak edən komandalara gəlincə, Suriyanın ən yaxşı şansı olduğu görünür.

B qrupunda dünyanın hər yerindən fərqli qitələri təmsil edən komandalar bir araya gələcək. Avropanın iki komandası, Portuqaliya və Şotlandiya qrupda favorit kimi görünür. Rapid üzrə 2369 reytinqli Xose Fransisko Veiga Portuqaliyanın gənclər lövhəsində potensial şahmatçılardandır və komandası üçün çox xal qazanmalıdır.

Qrupdakı yeganə qrossmeyster Ketevan Arahamia-Grant qadın lövhəsində oynayacaq. Bu divizionda Nigeriya, eləcə də, 4-cü divizionda gücünü sübut edən Anqolanı da unutmaq olmaz.
C qrupunu ən sirlilərdən hesab etmək olar. Belə ki, Belçika reytinqdə favorit olsa da, heyətdə 2-ci diviziona keçməyi təmin edəcək yüksək səviyyəli qadın oyunçular yoxdur. İordaniyanın daha balanslı heyəti var və bu ölkənin növbəti mərhələyə keçməsi üçün bütün imkanlar var.

Ümumiyyətlə, C qrupunda, hər hansı komandanın ilk 3-lükdə yer alması üçün imkanları var. Madaqaskar, İraq və Livan da daxil olmaqla bu yığmalar seçmə turnirlərdə uğurla çıxış edə bilərlər. Çərşənbə axşamı Livanda baş verən faciədən sonra bu komandaya azarkeşlik edənlərin sayı daha da artacaq.

Növbəti, D qrupu üçüncü divizionda ən güclü qrup sayılır. Bu qrupda mübarizə aparan 10 komandadan beşi 2-ci divizionda layiqli mübarizə apara bilərdi. Lakin bu mərhələdə onlardan ikisi qrupdan kənarda qalacaq. Danimarkanın onlardan biri olması ehtimalı azdır. Həqiqətən heyətində 2500+ reytinqli qrossmeysterlə birlikdə, bu komandanın birinci yeri qazanması şansları çoxdur.

Danimarkadan başqa, yerdə qalan dörd komandanın, Çili, Venesuela, Boliviya və Uruqvayın güclü qrossmeysterləri var. Venesuela isə daha balanslı bir heyətlə qələbə qazana bilər. Ümumilikdə, bu qrupda 10 qrossmeyster mübarizə aparacaq ki, bu da oyunların çox yüksək səviyyədə keçəcəyini təsdiq edir.

Eyni zamanda, bu qrupa iki Afrika komandası, Mozambik və Mavritaniya da daxildir. Dördüncü diviziondan 3-cü diviziona vəsiqə qazanmış bu komandalar belə güclü bir qrupda özlərini sübut edə bilsələr, bu, əsl möcüzə olacaq.

Nəhayət, E qrupunda yer alan komandalar orta reytinq göstəricilərinə görə, bərabər mübarizə aparmağa qadirdirlər.

Bu qrupda autsayderlər yoxdur - hətta 4-cü diviziondan bu mərhələyə vəsiqə qazanmış Honduras, Nikaraqua və Surinam belə mübarizəyə hazır heyətləri toplayıblar.

Şübhəsiz, Meksika digər komandalardan bir az daha güclü görünür. Reytinqə görə, Kosta-Rika və Qvatemala Meksikanın əsas rəqibləri olacaq, lakin C qrupunda olduğu kimi, hər hansı bir komandanın ilk 3-lüyə girməsi sürpriz olmamalıdır.
Üçüncü divizionun oyunları avqustun 9-dək davam edəcək.

Xatırladaq ki, turnirə ümumilikdə 163 komanda qatılıb. Olimpiadanın güclü komandalarından sayılan Azərbaycan yığması avqustun 21-də top divizionda mübarizəyə başlayacaq. Bu nüfuzlu yarışda ölkəmizi Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.

Olimpiada avqustun 30-dək davam edəcək.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: