İyulun 7-də UEFA Çempionlar Liqasında koronavirus pandemiyası səbəbindən təxirə salınmış 2019-2020-ci il mövsümünün səkkizdəbir final oyunları yenidən start götürüb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirini rekord sayda (13 dəfə) qazanan “Real Madrid” səfərdə İngiltərənin “Mançester Siti” klubu ilə qarşılaşıb. İlk oyunda Madriddə 2:1 hesabı ilə məğlub olan “Real” ilk dəqiqələrdən qol vurmaq üçün irəli atılıb. Buna baxmayaraq oyunda hesabı meydan sahibləri açıblar. Matçın 9-cu dəqiqəsində Rahim Sterlinq fərqlənib. Qoldan 19 dəqiqə sonra madridlilər hesaba tarazlıq gətiriblər. Rodriqonun cinah ötürməsini Kərim Benzema dəqiq baş zərbəsi ilə tamamlayıb. Birinci hissə 1:1 hesabı ilə heç-heçə başa çatıb.
Matçın 68-ci dəqiqəsində “Mançester Siti” hesabda yenidən irəli çıxıb. Rafael Varanın kobud səhvindən sonra Qabriel Jesus topu qapıdan keçirib. Qalan dəqiqələrdə “Real Madrid” məğlubiyyətdən qaçmaq üçün səy göstərsə də, hesab dəyişilməyib.
Beləliklə, hər iki oyunda 2:1 hesabı ilə qalib gələn “Şəhərlilər” dörddəbir final mərhələsinə vəsiqə qazanıblar.