Avqustun 8-də Azərbaycan və Türkiyə milli komandaları arasında “Bir millət, iki dövlət” şüarı altında internet üzərindən sürətli şahmat üzrə dostluq görüşü start götürəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yarışda Azərbaycan komandasının əsas heyətində Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli, Xanım Balacayeva çıxış edəcəklər. Ehtiyat heyətdə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayeva yer alıblar.
Reqlamentə görə, hər partiyaya 15 dəqiqə vaxt veriləcək və hər gedişə 5 saniyə əlavə olunacaq. Üç gün davam edəcək turnirdə hər gün iki partiya oynanılacaq.
Hər gün saat 19:00-da başlayacaq yarışın partiyaları “İdman TV”də canlı şərh olunacaq.