Peşəkar Futbol Liqası (PFL) ölkə çempionatının 2020-2021-ci il mövsümünün başlanması ilə əlaqədar qərar qəbul edib.
NUHÇIXAN İnformasiya Agentliyi PFL-in saytına istinadla xəbər verir ki, müzakirələrdən sonra çempionatın avqustun 21-də başlanması qərara alınıb. PFL bu qərarın qəbulu zamanı AFFA İcraiyyə Komitəsinin yaratdığı İşçi Qrupun təklifini, AFFA ilə aparılan müzakirələri, eləcə də Nazirlər Kabineti yanında Operativ Qərargahın açıq havada idman yarışlarına avqustun 10-dan etibarən icazə verməsini nəzərə alıb.
Premyer Liqanın yeni mövsümünün püşkatma mərasimi avqustun 12-də AFFA-nın inzibati binasında keçiriləcək. Klubların və KİV-lərin nümayəndələri üçün qapalı olacaq tədbir saat 15:00-da başlayacaq. Mərasim “CBC Sport” kanalı vasitəsilə birbaşa yayımlanacaq.