Bakının “Neftçi” futbol klubunun UEFA Avropa Liqasının birinci təsnifat mərhələsindəki rəqibi Şimali Makedoniyanın “Şkupi” komandası 1927-ci ildə yaradılıb. Klub prezidenti Aydın Ölgün, baş məşqçi Qatip Osmanidir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, komanda ev oyunlarını 6 min tamaşaçı tutumuna malik olan “Çair” stadionunda keçirir.
Üç dəfə ölkə çempionu, bir o qədər də ölkə kubokunun qalibi olan "Şkupi” 2019/2020-ci il mövsümünü 5-ci pillədə başa vurub. Lakin çempion “Vardar” maliyyə borclarına görə avrokuboklardan uzaqlaşdırıldığı üçün Şimali Makedoniyanı qitəmiqyaslı turnirdə 2-5-ci yerləri tutan komandalar təmsil edirlər.
Adətən, avrokuboklarda uğursuz çıxış edən Skopye təmsilçisi 2019/2020-ci il mövsümündə Avropa Liqasının birinci təsnifat mərhələsində “Pünik” (Ermənistan) klubuna məğlub olub – 1:2, 3:3.
“Şkupi”nin heyətində şimali makedoniyalılarla yanaşı, Rusiya, Braziliya, Seneqal, Qvineya, Qambiya və Kosta-Rikadan olan legionerlər yer alırlar.
Ümumiyyətlə, “Şkupi” "Neftçi”yə tanış rəqibdir. Komandamız Skopye təmsilçisi ilə 2018-ci ilin yayında yoxlama oyunu keçirmiş, Namiq Ələsgərov və Mirabdulla Abbasovun vurduğu qollarla 2:0 hesabı ilə qalib gəlmişdi.