Çimərlik futbolu çempionatında ikinci tura start verilib - FOTOLAR
Çimərlik futbolu üzrə Naxçıvan Muxtar Respublika çempionatının növbəti oyunları oynanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Uzunoba gölünün ətrafında yerləşən çimərlik futbolu meydançasında keçirilən çempionatda 12 komanda qrup mərhələsini adlamaq üçün güclərini sınayır. 4 qrupda mübarizə aparan komandaların ikinci görüşlərinə start verilib. “B” qrupunun ilk görüşündə “Şahinlər” komandası ilə “Aralıq” komandası üz-üzə gəlib. Fəal oyun nümayiş etdirən “Şahinlər” “Aralıq” komandasına qalib gələrək meydandan 3-2 hesabı ilə qalib ayrılmağı bacarıb.
Günün ikinci qarşılaşmasında “C” qrupunun təmsilçiləri: “Hava Limanı” və “Əlincə” komandaları üz-üzə gəlib. Görüşün sonunda 7-0 hesabı ilə qalib gələrək aktivinə 3 xal yazdıran tərəf “Hava Limanı” olub. Hazırda “Badamlı”, “Şahinlər”, “Panter” və “Antiinhisar” komandaları yer aldıqları qruplara liderlik edirlər.
Qeyd edək ki, çempionat Azərbaycan Futbol Federasiyaları Assosiasiyası, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Naxçıvan Futbol Federasiyasının birgə təşkilatçılığı və “Arazbet”in baş sponsorluğu ilə həyata keçirilir.
Əli İbrahimbəyli