UEFA Çempionlar Liqasının ikinci yarımfinalçısı məlum olub

A- A A+

Avqustun 13-də UEFA Çempionlar Liqasının dörddəbir final mərhələsinin ikinci qarşılaşması keçirilib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Lissabondaki “Estadio Jose Alvalade” stadionunda oynanılan görüşdə “Leyptsiq” (Almaniya) və “Atletiko Madrid” (İspaniya) komandaları üz-üzə gəlib.

Gərgin keçən oyunun ilk hissəsində hesab açılmayıb.

Fasilədən sonra “Leyptsiq” hesabı açıb. Görüşün 50-ci dəqiqəsində Marsel Sabitserin cinah ötürməsindən sonra Dani Olmo qapıya dəqiq zərbə vurub. Qarşılaşmanın 71-ci dəqiqəsində madridlilər hesaba tarazlıq gətirib. Hakimin təyin etdiyi penaltini yenicə meydana çıxmış Joao Feliks səhvsiz yerinə yetirib. Matçın başa çatmasına üç dəqiqə qalmış “Leyptsiq” yenidən hesabda önə keçib. Tyler Adamsın uzaq məsafədən vurduğu zərbə rəqibin müdafiəçisinə dəyib və istiqamətini dəyişib. Bu zərbəni dəf etmək “Atletiko”nun qapıçısı Yan Oblak üçün çətin olub. Qalan dəqiqələrdə Madrid təmsilçisinin qol vurmaq şansı olsa da, hesab dəyişməyib və “Leyptsiq” qitənin ən nüfuzlu klub turnirinin yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Almanlar növbəti mərhələdə “Paris Sen-Jermen” (Fransa) klubu ilə üz-üzə gələcək.

Dörddəbir final mərhələsinin digər oyunlarında “Barselona” (İspaniya) - “Bavariya” (Almaniya) və “Mançester Siti” (İngiltərə) - “Lion” (Fransa) üz-üzə gələcəklər. Həmin oyunlar isə müvafiq olaraq avqustun 14-15-də təşkil olunacaq.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının qarşılaşmaları “8-lər finalı” formatında Portuqaliyanın paytaxtı Lissabonda oynanılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: