Ümumdünya Şahmat Olimpiadasında komandamız avqustun 21-də mübarizəyə qoşulacaq. Yığmamız 40 komandanın iştirak edəcəyi top-divizionun B qrupunda yer alıb. Bu qrupdakı Ukrayna, Qazaxıstan, Norveç, Niderland və digər ölkələrin komandalarının heyətində güclü şahmatçılar var. Amma yığmamızın heyətində mübarizə aparacaq şahmatçılarımız da yüksək potensiala və zəngin təcrübəyə malik idmançılardır. Komandamızın növbəti mərhələyə keçmək üçün böyük imkanları var.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov jurnalistlərə müsahibəsində bildirib.
Komandanın hazırlığının yüksək səviyyədə olduğunu və şahmatçılarımızdan böyük uğurlar gözlənildiyini vurğulayan Faiq Həsənov deyib: “Ümumdünya Şahmat Olimpiadası çox çox güclü və nüfuzlu yarışlardan biridir. Şahmatçılarımız bu turnirə yüksək səviyyədə hazırlaşıblar. Komandamızdan bu yarışda böyük uğurlar gözləyirik”.
Qeyd edək ki, ölkəmizi olimpiadada Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Günay Məmmədzadə, Gülnar Məmmədova, Vüqar Əsədli və Xanım Balacayeva təmsil edirlər. Ehtiyat oyunçular siyahısına isə Rauf Məmmədov, Qədir Hüseynov, Türkan Məmmədyarova, Ülviyyə Fətəliyeva, Aydın Süleymanlı və Gövhər Beydullayevanın adları daxil edilib. Komandamızın kapitanı Eltac Səfərli və Rəhim Qasımovdur.
Olimpiada çərçivəsində artıq baza, dördüncü, üçüncü və ikinci divizionların oyunları başa çatıb. Ümumilikdə 163 komandanın qatıldığı Olimpiada avqustun 30-dək davam edəcək.