Avqustun 21-də UEFA Avropa Liqasının 2019-2020-ci il mövsümünün final qarşılaşması keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, həlledici görüşdə İtaliyanın “İnter” klubu İspaniyanın “Sevilya” komandası ilə qarşılaşacaq. Bakı vaxtı ilə saat 23:00-da başlayacaq oyun Almaniyanın Köln şəhərindəki “Reyn Energi” stadionunda təşkil olunacaq.
Görüşü niderlandlı FIFA referisi Denni Makkeli idarə edəcək.
Oyunda hər iki komandanın bir futbolçusu iştirak etməyəcək. La Liqa təmsilçisinin heyətində Sebastyan Korşyak, italiyalılardan isə Matias Vesini zədə səbəbindən oyunu buraxmalı olacaq.
UEFA Avropa Liqasında beş dəfə - 2006-cı, 2007-ci, 2014-cü, 2015-ci, 2016-cı illərdə finala çıxan “Sevilya” bunların hamısında qalib gəlib.
“İnter” isə dörd dəfə həlledici görüşdə oynamaq hüququ qazansa da, onların üçündə (1991, 1994, 1998) qalib gəlib.
“Sevilya” və “İnter” komandaları avrokuboklarda ilk dəfə üz-üzə gələcəklər. İspaniyalılar buna qədər İtaliya təmsilçiləri ilə 13 dəfə qarşılaşıblar. “Sevilya” bu görüşlərin 6-sında qələbə qazanıb, 2-sində isə heç-heçəyə nail olublar.
Xatırladaq ki, “Sevilya” yarımfinalda İngiltərənin “Mançester Yunayted” klubunu (2:1), “İnter” isə Ukraynanın “Şaxtyor Donetsk” komandasını (5:0) məğlub edərək finala vəsiqə qazanıblar.