UEFA Çempionlar Liqası: “Bavariya”-PSJ oyunu start götürüb - FOTOLAR
Avqustun 23-də UEFA Çempionlar Liqasının 2019-2020-ci illər mövsümünün final görüşü çərçivəsində keçirilən “Bavariya” (Almaniya) - “Paris Sen-Jermen” (Fransa) oyunu başlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Portuqaliyanın paytaxtı Lissabondakı “Estadio da Luj” stadionunda keçiriləcək görüşdə Münxen təmsilçisinin heyətində ilk onbirlikdə Manuel Noyer, Tiaqo Alkantara, Robert Levandovski, Jerom Boatenq, Leon Qoretzka, Alfonso Deyvis, Serj Qnabri, Tomas Müller, David Alaba, Kinqsli Koman və Coşua Kimmix yer alıblar.
Parislilərin heyətində isə meydana Keylor Navas, Tiaqo Silva, Presnel Kimpembe, Tilo Kerer, Markinyos, Kilyan Mbappe, Leandro Paredes, Neymar, Di Maria, Bernat və Ander Herrera çıxıblar.
Qarşılaşmanın idarə edilməsi İtaliyadan olan hakimlər briqadasına tapşırılıb. Oyunun baş hakimi Daniele Orsatodur.
Bu oyun komandaların avrokuboklarda 9-cu duelidir. “Paris Sen-Jermen” və “Bavariya” indiyədək UEFA Çempionlar Liqasının qrup mərhələsində 8 dəfə üz-üzə gəliblər. Bunların 5-də Paris təmsilçisi, 3-də isə münxenlilər qələbə qazanıb. “Paris Sen-Jermen”in 12 qoluna “Bavariya” 11 topla cavab verib.
Paris təmsilçisi tarixində ilk dəfə qitənin ən nüfuzlu klub turnirinin finalında oynayır. Paytaxt klubu Fransa çempionatının son 8 mövsümündə 7 dəfə qalib olsa da, ilk dəfə UEFA Çempionlar Liqasının finalına yüksəlib. Fransa komandası turnirin qalibi olacağı təqdirdə, kuboku qazanan 23-cü komanda kimi tarixə düşəcək.
Beş dəfə UEFA Çempionlar Liqasının qalibi olmuş “Bavariya” isə sonuncu dəfə bu titulu 2013-cü ildə qazanıb. Münxen təmsilçisi 6-cı dəfə də istəyini gerçəkləşdirsə, İngiltərə “Liverpul” klubu ilə birlikdə kuboku ən çox qazanan üçüncü komanda olacaq.
Bu oyun, həmçinin UEFA Çempionlar Liqasının finalları tarixində ikinci alman-fransız duelidir. Birinci dueldə “Bavariya” 1975-1976-ci illər mövsümündə “Sent-Etyen”i 1:0 hesabı ilə üstələyib.