Komandamızın “Şerif” ilə qarşılaşmada əzmkarlıq göstərəcəyinə inanıram.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Moldovanın “Şerif” komandası ilə oyundan əvvəl keçirilən mətbuat konfransında deyib.
İllər ötdükcə həm klubun, həm də futbolçuların inkişaf etdiyini və daha da gücləndiyini vurğulayan Q.Qurbanov bildirib: “Hər iki komandanın güclü heyəti və böyük təcrübəsi var. Daha əvvəl iki dəfə üz-üzə gəlmişik. Qarşıda bizi çətin oyun gözləyir. Oyuna gəldikdə, hər gün ot örtüyü ilə maraqlanırdım. Sabah daha yaxşı olacaq”.
Təcrübəli baş məşqçi Mərakeş əsilli fransalı oyunçu Abdullah Zubirin komandanın oyun sisteminə böyük faydası olduğunu bildirib. O, futbolçunun “Şerif” ilə görüşdə də yaxşı nəticə göstərəcəyinə əminliyini ifadə edib.
Baş məşqçi yeni transferlə bağlı işlərin öz qaydasında getdiyini vurğulayaraq bildirib: “Yeni transferimiz növbəti matçda heyətimizdə ola bilər. O, yarımmüdafiə mövqeyində çıxış edir”.
Qeyd edək ki, avqustun 26-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Şerif” matçı saat 20:00-da start götürəcək.