Tokio Olimpiadası zamanı koronavirusun yayılmasına qarşı tədbirlərin müzakirəsinə sentyabrda başlanacaq
Yaponiya hökuməti, paytaxt administrasiyası və Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışlar zamanı koronavirusun yayılmasına qarşı tədbirlərin müzakirəsinə sentyabrda başlayacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə avqustun 27-də keçirilən ənənəvi mətbuat konfransında Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa məlumat verib.
“Tokio Olimpiadası zamanı koronavirusa qarşı tədbirlərin təmin edilməsinə idmançıların və tamaşaçıların gəlişi, yoluxmaya qarşı testlər, səhiyyə sisteminin vəziyyəti və idman obyektlərinin iş vaxtı daxil olmaqla bir çox aspektdən baxmaq olar. Bunu nəzərə alaraq, sentyabrdan başlayaraq hökumətin, Tokio administrasiyasının və Oyunların təşkilat komitəsinin iştirakı ilə aidiyyəti müzakirələrin aparılması nəzərdə tutulur”, - deyə baş katib bildirib.
Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyasına görə onun təşkili gələn il iyulun 23-də avqustun 8-dək dəyişdirilib.