Əməkdar idman ustası, ikiqat Paralimpiya və dünya çempionu, Qarabağ müharibəsi veteranı İlham Zəkiyev haqqında sənədli film çəkilib.
“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, film Azərbaycan Televiziyasının Bədii və Sənədli Filmlər Studiyası tərəfindən ərsəyə gətirilib. Qarabağ müharibəsində sağlamlığını itirmiş idmançının həyat yolundan bəhs edən “Qaranlığın rəngləri” filmi həm də dünya işığından məhrum olmuş insanın daxili iradəsinin gücünü əks etdirir. Filmin süjet xətti qəhrəmanın daxili monoloqu üzərində qurulub.
Filmin rejissoru Rövşən Nicat, prodüseri Xalq artisti Ramiz Həsənoğludur. “Qaranlığın rəngləri” filmi Rövşən Nicat ilə Fikrət Adıgözəllinin birgə ssenarisi əsasında çəkilib.
Sənədli film avqustun 29-da saat 22:00-da İdman Azərbaycan kanalında yayımlanacaq.