Futbol üzrə dünya çempionatı: Braziliya-Belçika oyunu başlayıb

A- A A+

Futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinə Braziliya-Belçika oyunu başlayıb.

NUHÇIXAN xəbər verir ki, “Kazan Arena” stadionunda keçirilən görüşdə Braziliya millisinin heyətində meydana Alison Beyker, Tiaqo Silva, Miranda, Faqner, Marselo, Filip Koutinyo, Paulinyo, Fernandao, Vilyam, Neymar, Qabriyel Xesus çıxıblar.

Belçika millisinin start heyətində isə Tibo Kurtua, Vensan Kompani, Yan Vertonqen, Toni Alderveyreld, Maruan Fellaini, Aksel Vitsel, Naser Şadli, Toma Menye, Eden Hazard, Ramelu Lukaku, Kevin De Brüyne yer alıblar.

Görüşü serbiyalı Milorad Maziç idarə edir. Qarşılaşma İdman Azərbaycan Televiziyasında canlı yayımlanır.

Braziliya səkkizdəbir finalda Meksikanı 2:0, Belçika isə Yaponiyanı 3:2 hesabı ilə məğlub edib. Bu komandalar dünya çempionatları tarixində ikinci dəfə üz-üzə gələcəklər. 2002-ci il mundialının səkkizdəbir finalında Braziliya rəqibini 2:0 hesabı ilə üstələyib. Belçika dünya çempionatlarında Cənubi Amerika təmsilçiləri ilə 4 dəfə qarşılaşıb və bu matçların 3-də məğlub olub. Braziliya isə son üç mundialda Avropa təmsilçilərinə uduzaraq mübarizəni dayandırıb.

Qeyd edək ki, Braziliya millisi ən çox dünya çempionu olan komandadır. Braziliyalılar kuboku 5 dəfə başları üzərinə qaldırıblar. İlk dəfə 1958-ci ildə İsveçdə, dörd il sonra isə Çilidə keçirilən mundialın qalibi olan braziliyalılar 1970-ci ildə Meksikadakı turnirdə də qalib gələrək üçqat dünya çempionu kimi “Qızıl İlahə”ni həmişəlik öz ölkələrinə aparıblar. Braziliya millisi yeni kuboku üçüncü çempionluqdan 24 il sonra – 1994-cü ildə ABŞ-da keçirilən dünya çempionatında əldə edə bilib. Sonuncu – beşinci çempionluğuna 2002-ci ildə Koreya Respublikasının və Yaponiyanın birlikdə təşkil etdikləri mundialda nail olan Braziliya yığması hələlik bu göstərici üzrə dünya rekordçusudur.

Heyətindəki futbolçuların qiymətinə görə çempionatın ən bahalı komandalarından olan Belçika yığması doqquz dəfə mundialda iştirak hüququ qazanıb. Belçikalıların dünya çempionatlarında ən yaxşı göstəricisi 1986-cı ildə bürünc mükafat qazanması olub.

Braziliya-Belçika oyunun qalibi yarımfinal mərhələsində Fransa millisi ilə qarşılaşacaq.

Mundialın yarımfinal oyunları iyulun 10-11-də oynanılacaq. Üçüncü yer uğrunda görüş iyulun 14-də, final qarşılaşması isə iyulun 15-də keçiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: