İyulun 6-da Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının dörddəbir final mərhələsinin ikinci qarşılaşmasında Braziliya yığması Belçika millisi ilə üz-üzə gəlib.
NUHÇIXAN xəbər verir ki, “Kazan Arena”da keçirilən oyunun 13-cü dəqiqəsində hesab açılıb. Braziliyalı futbolçu Fernandino avtoqolla yadda qalıb. Görüşün 31-ci dəqiqəsində Belçika millisinin üzvü Kevin De Breyne hesab arasındakı fərqi artırıb. Görüşün ilk hissəsi Belçika millisinin 2:0 hesablı üstünlüyü ilə yekunlaşıb.
Serbiyalı baş hakim Milorad Maziçin idarə etdiyi oyunun ikinci hissəsinə Braziliya millisi daha fəal başlayıb. Qarşılaşmanın 76-cı dəqiqəsində Renato Auqusto fərqlənərək hesab arasındakı fərqi azaldıb. Görüşün sonunadək komandalar təhlükəli vəziyyətlər yaratsalar da, top qapıdan keçməyib.
Beləliklə, görüşdə Belçika millisi 2:1 hesabı ilə qalib gələrək yarımfinala yüksəlib və Fransa yığmasına rəqib olub.