Tokio Olimpiadasında idmançılar iki həftəlik karantin rejimindən azad ediləcəklər

A- A A+

Yaponiya hökuməti Tokio Olimpiadasında iştirak etmək üçün ölkəyə gələcək idmançılara Olimpiadadan əvvəl iki həftəlik karantin rejiminin tətbiq edilməməsi üçün bəzi variantları nəzərdən keçirməyə başlayıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Yaponiyanın NHK telekanalı məlumat yayıb.

Məlumatda bildirilir ki, Yaponiya rəsmiləri hazırda koronavirusun yayılmasının qarşısını almaq üçün istifadə olunan təcridetmənin idmançılara mənfi təsir edə biləcəyini düşünürlər. Bununla əlaqədar koronavirusa qarşı tədbirlər üzrə Olimpiya və hökumət rəsmilərindən ibarət işçi qrup ilk iclasını keçirəcək. Sessiyada sərhəd nəzarəti, virusun profilaktikası və pandemiyaya cavab tədbirləri müzakirə olunacaq. Bundan əlavə, işçi qrup yarış zamanı idmançıların və məmurların hərəkətlərini izləmək üçün yeni mobil tətbiqetmə imkanlarını nəzərdən keçirəcəklər. Oyunlar zamanı ölkəyə giriş və çıxış prosedurunda koronavirusla bağlı götürülən testin nəticəsi əsas tələblərdən biri olacaq.

Qarşıdakı məsləhətləşmələr zamanı Yaponiya tərəfi Olimpiadadan əvvəl idmançılar üçün təlim-məşq toplanışı qaydalarını da hazırlamaqla bağlı müzakirələr aparacaq. Gündəmdə digər mövzular arasında yoluxma sayında artımın öhdəsindən gəlmək üçün xəstəxanalarda yer çatışmazlığı və idman müəssisələrində atletlərin sağlamlığının yoxlanılması üçün yerlərin təşkil edilməsi də var. Pandemiya səngiməsə, işçi qrupun stadionlarda tamaşaçı sayını azaltmaq variantını da müzakirə edəcəyi gözlənilir.

Tokio Olimpiadası 2020-ci ilin iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Koronavirus pandemiyası səbəbindən Olimpiada bir il təxirə salınıb və iyulun 23-dən avqustun 8-dək keçirilməsi planlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: