NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Futbol Federasiyasının nümayəndələri ilə rayon, şəhər gənclər və idman idarələrinin rəisləri arasında görüş keçirilib.
Muxtar Respublika Stadionunun iclas zalında keçirilən görüşdə lisenziyalaşdırma və qeydiyyat, uşaq futbolu, məşqçilik və gündəmə aid digər məsələlərlə bağlı məlumat verilib, fikir mübadiləsi aparılıb. Federasiyanın sədr müavini Sakit Rzayev yeni futbol mövsümünə hazırlıqla bağlı icra olunan və nəzərdə tutulan işlərdən danışıb. O, bildirib ki, pandemiya dövrü digər sahələrlə yanaşı futbolun inkişafına da təsirsiz ötüşməyib. NFF-nin 5 illik strategiya planının startı uğurlu alınsa da, bu ilki mövcud vəziyyət bəzi məhdudiyyət və ləngimələrə səbəb olub. Sakit Rzayev gənclər və idman idarələri ilə əməkdaşlığın ümumi inkişaf və mənafelər üçün də önəmli olduğunu vurğulayıb.
NFF-nin məşqçisi Əsgər Abdullayev uşaq futbolunda atılan addımlar və görüləcək işlər barədə fikirlərini bölüşüb. Görüş zamanı oda qeyd olunub ki, 21 sentyabr tarixinə AFFA mütəxəssislərinin iştirakı ilə məşqçilər üçün “C” kateqoriyalı məşqçilik kursu nəzərdə tutulub. Şərur Olimpiya İdman Kompleksində keçiriləcək kurs 3 həftəlik müddəti əhatə edəcək. Kursu uğurla bitirənlərə lisenziyalar təqdim olunacaq. Federasiya tərəfindən onlara şəhər və rayonlardakı uşaq futbolu bölmələrinə təyinat veriləcək.
Görüş zamanı iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İcra olunacaq işlərin detalları barədə məlumat verilib.
Əli Məmmədov