Naxçıvanda məktəblilər arasında əyləncəli idman oyunları üzrə yarış keçirildi - FOTOLAR
Naxçıvan Muxtar Respublika Stadionunda keçirilən və 2 gün davam edən yarışda Naxçıvan şəhər tam orta məktəbinin komandaları iştirak edib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 6 komandanın mübarizə apardığı yarış Gənclər və İdman, Təhsil nazirlikləri, eləcə də Atletika Federasiyasının birgə təşkilatçılığı ilə baş tutub. Komandaların tərkibi 5 idmançı və 1 idman müəllimindən ibarət olub. Yarışda məktəblilər “Tops”, “Meqa” və “Cəngavərlər döyüşü” mərhələlərində güc və bacarıqlarını sınayıblar. Oyunların yekun nəticəsinə əsasən aktivinə daha çox bal yazan Naxçıvan şəhər 2 nömrəli tam orta məktəbin “Polad” komandası 1-ci yerə layiq görülüb. 16 nömrəli tam orta məktəbin “Zirvə” komandası 2-ci, Heydər Əliyev adına tam orta məktəbin “Qələbə” komandası isə 3-cü pillədə qərarlaşıb.
Mükafatlandırma mərasimində çıxış edən Atletika Federasiyasının sədri Rəhman Məmmədov bildirib ki, muxtar respublikamızda idmanın kütləviliyinin artırılması, bu sahə üzrə istedadlı uşaqların aşkar edilməsi və onların qabiliyyətlərinin inkişaf etdirilməsi sahəsində işin keyfiyyətinin yüksəldilməsi diqqətdə saxlanılır.
Tədbirdə çıxış edən Gənclər və İdman naziri Azad Cabbarov bildirib ki, artıq diyarımızda bədən tərbiyəsi və idmanla məşğul olmaq gündəlik həyat tərzinə çevrilib.
Çıxış edənlər qalib komandaları və idmançıları təbrik edib, yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, əyləncəli idman oyunları mərhələli formada muxtar respublikanın şəhər və rayonlarında da keçiriləcək.
Azər Zeynalov