“Mercedes” komandasının pilotu Luis Hamilton növbəti qələbəsini qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, britaniyalı pilot sentyabrın 13-də keçirilən Formula 1 Toskana Qran-Prisinin qalibi olub. L.Hamilton buna "Ferrari" komandasının 1000-ci yürüşdə iştirak etməsi şərəfinə İtaliya komandasının doğma avtodromu "Mucello"da keçirilən yarışda nail olub.
Əlli doqquz dövrəlik mübarizədə ikinci yeri L.Hamiltonun komanda yoldaşı Valtteri Bottas əldə edib. İlk üçlüyü "Red Bull”un pilotu Aleksandr Albon tamamlayıb.
Pilotların siyahısına 190 xalla “Mercedes”in pilotu Luis Hamilton başçılıq edir. “Mercedes”in digər sürücüsü Valtteri Bottas 135 xalla ikinci, Maks Ferstappen ("Red Bull") isə 110 xalla üçüncü pillədə qərarlaşıb.
Yürüşdən əvvəl Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxer atasına çempionluq gətirən "Ferrari F2004" bolidi ilə "Mucello" trasında dövrə vurub. "Ferrari"nin şərəfinə təhlükəsizlik maşınları da qırmızı rəngə boyadılıb.
L.Hamilton cari mövsüm altıncı, karyerasında isə 90-cı qələbəsini qazanıb. "Mercedes" komandası isə bu mövsüm üçüncü dubluna imza atıb.
Formula 1 Toskana Qran-Prisi cari mövsüm tamaşaçıların iştirakı ilə təşkil olunan ilk yürüşdür. Yarışda 2 min 880 tamaşaçının tribunalara buraxılmasına icazə verilib.
Növbəti yarış sentyabrın 25-27-də Rusiyada təşkil olunacaq.