Sentyabrın 13-də futbol üzrə Türkiyə çempionatının I turunda "Beşiktaş" səfərdə "Trabzonspor"un qonağı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, "Ali Sansalan" stadionunda keçirilən qarşılaşmada istanbullular rəqiblərini 3:1 hesabı ilə məğlub ediblər. "Beşiktaş"ın heyətində Tayler Boyd (29), Bernard Mensah (64) və Jeremain Lens (74) fərqlənib. Trabzon təmsilçisinin yeganə qolunu isə Abdulqadir Omur vurub.
Beləliklə, "Beşiktaş" yeni mövsümə "Trabzonspor"u məğlub etməklə başlayıb.
Gün ərzində keçirilən digər oyunlarda "Ankaragücü" doğma meydanda "Ərzurumspor"a 1:2 hesabı ilə uduzub. "Kayserispor" isə öz meydanında "Kasımpaşa"nı minimal hesabla üstələyiblər. "Gənclərbirliyi" isə səfərdə "Antalyaspor"a 2:0 hesabı ilə uduzub.
Yeni mövsümdə Superliqada 21 komanda yarışır. Birinci turda "Konyaspor" istirahət edir.
Çempionatın birinci turuna sentyabrın 14-də "Hatayspor" – "Başakşəhər" matçı ilə yekun vurulacaq.
Qeyd edək ki, ötən mövsüm Türkiyə çempionatının qalibi "Başakşəhər" olub.