“Neftçi” - “Qalatasaray” oyunu Azərbaycan və Türkiyə komandalarının avrokuboklarda beşinci qarşılaşması olacaq
UEFA Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində sentyabrın 17-də keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu Azərbaycan və Türkiyə komandalarının avrokuboklarda beşinci qarşılaşması olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçiriləcək oyunda “Neftçi” ilk dəfə Türkiyə klubu ilə qarşılaşacaq. Bu sözləri İstanbul təmsilçisinə də aid etmək olar.
Qardaş ölkələrimizin komandaları avrokuboklarda indiyədək dörd dəfə üz-üzə gəliblər. Belə ki, UEFA kuboku yarışlarının 1994-1995-ci il mövsümündə Tovuzun “Turan” klubu İstanbulun “Fənərbağça” komandası ilə qarşılaşıb. “Fənərbağça” hər iki oyunda qələbə qazanıb - 5:0 və 2:0.
Digər qarşılaşma da UEFA kuboku yarışlarına təsadüf edib. Turnirin 2000-2001-ci il mövsümündə “Antalyaspor” komandası Gəncənin “Kəpəz” klubunu 5:0 və 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.
Beləliklə, indiyədək keçirilmiş dörd oyunda Türkiyə klubları 14 qol vurub, qapılarını isə toxunulmaz saxlamağı bacarıblar.
“Neftçi” indiyədək “Qalatasaray” ilə iki dəfə yoldaşlıq oyununda üz-üzə gəlib. 1960-cı ildə Bakıda keçirilən birinci görüşdə komandamız 3:1 hesabı ilə qalib gəlib. 1990-cı ildə Türkiyədə keçirilən oyunda isə heç-heçə qeydə alınıb – 2:2.
Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” oyunu saat 20:00-da start götürəcək. Koronavirus pandemiyasına görə UEFA-nın qərarı ilə matç azarkeşsiz keçiriləcək.