Oyuna yaxşı başladıq. Qol epizodları yaratdıq və futbolçularım yararlanmağı bacardı. Futbolçulardan razıyam, yaxşı mübarizə apardılar. Qol buraxsaq da, növbəti mərhələyə yüksələ bildik.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu UEFA Avropa Liqasının II təsnifat mərhələsində sentyabrın 17-də Bakı Olimpiya Stadionunda “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən Türkiyənin “Qalatasaray” komandasının baş məşqçisi Fatih Terim oyundan sonra təşkil olunan mətbuat konfransında deyib.
Baş məşqçi bildirib ki, heç vaxt mətbuatın yazdığı start heyət meydanda olmur. Bəzi oyunçuların oynamasına ehtiyac var idi. 6-7 oyunçu istirahət etmiş oldu. Bunu etməyə məcburuq. Rəqib yaxşı komandadır. Mübarizə apara bilirlər. Onlara uğurlar arzulayıram. Bu gün onlardan daha yaxşı oynadıq.
"Neftçi"ni məğlub etməyimiz sürpriz olmadı. Qələbə qazana bilməsək, sürpriz olardı. Azərbaycanlılara qonaqpərvərliyə görə təşəkkür edirəm. Azərbaycandan qardaşcasına ayrılırıq. Hər kəsə təşəkkür edirəm. Onlar bizim qardaşımızdır", - deyə F.Terim əlavə edib.
Mütəxəssis qeyd edib ki, bu gün baş məşqçi olaraq 500-cü matçına çıxıb: “Bunu sözlə izah edə bilmərəm. Nə yaxşı ki, həyatımda "Qalatasaray" var. Avrokubokda 100-cü qələbədir. Bunlar asan əldə edilmir”.
Xatırladaq ki, “Neftçi” komandası “Qalatasaray”a 1:3 hesabı ilə məğlub olaraq UEFA Avropa Liqasında mübarizəni dayandırıb. Koronavirus pandemiyası ilə əlaqədar UEFA-nın qərarı ilə digər oyunlar kimi, bu qarşılaşma da azarkeşsiz keçirilib. “Qalatasaray” növbəti mərhələdə “Renova”nı (Şimali Makedoniya) 1:0 hesabı ilə məğlub etmiş Xorvatiyanın "Hayduk" komandası ilə üz-üzə gələcək. “Neftçi” I təsnifat mərhələsində Makedoniyanın “Şkupi” komandasını mübarizədən kənarlaşdırıb. “Qalatasaray” isə seçmə mərhələyə II təsnifat mərhələsindən qoşulub.