Məşqlərimiz açıq havada davam edir. Dekabrda dünya çempionatı keçirilə bilər. Biz həmin yarışa hazırlaşırıq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu sərbəst güləş üzrə Olimpiadanın bürünc medalçısı, üçqat dünya və üçqat Avropa çempionu Hacı Əliyev sentyabrın 19-da sərbəst və yunan-Roma güləşi üzrə yığmalarımızın açıq məşqi zamanı jurnalistlərə müsahibəsində deyib.
Güləşçi bildirib ki, ancaq dünya birinciliyi ləğv olunsa belə, yenə də məşqlərimizi davam etdirməliyik. Əsas məqsədimiz formada qalmaqdır. Karantin dövründə daha çox fiziki hazırlığa üstünlük vermişik. Mənə elə gəlir ki, güləşçilərimizin fiziki hazırlığı yüksək səviyyədədir. Sərt karantin günlərində də məşqlərimizə ara vermədik. Ev şəraitində məşq edirdik.
Xatırladaq ki, Dünya Güləş Birliyi (UWW) dekabrın 1-dək beynəlxalq yarışların bir qismini təxirə salıb, böyük əksəriyyətini isə ləğv edib. Bunlar arasında U-15 Avropa çempionatı, yeniyetmələr və 23 yaşadək güləşçilər arasında dünya və Avropa çempionatları, eləcə də gənclər arasında qitə birinciliyi də var. Qurum oktyabrın 5-də baş tutacaq İcraiyyə Komitəsinin iclasında pandemiyanın inkişaf tempini nəzərə alaraq Serbiyada təşkil olunması nəzərdə tutulan dünya çempionatının taleyinə aydınlıq gələcək.