Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır və bu tanınmada güləşçilərimizin uğurları, beynəlxalq arenalarda əldə etdikləri nəticələrin böyük rolu var. Ölkəmizdə əsasını ulu öndər Heydər Əliyevin qoyduğu və dövlətimizin başçısı İlham Əliyev tərəfindən davam etdirilən idman siyasətinin, idmana və idmançılara göstərilən həssas münasibətin nəticəsidir ki, digər idman növləri kimi güləş məktəbi də getdikcə inkişaf edir, güləşçilərimiz yeni-yeni zirvələr fəth edir, bu yolda inamla irəliləyirlər.
Azərbaycanda idman dövlət siyasətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin bu sahəni daim diqqətdə saxlaması, idmançıların hazırlaşması üçün bütün lazımi şəraitin, infrastrukturun yaradılması, onların diqqət və qayğı ilə əhatələnməsi qələbələrin qazanılmasında ən mühüm amildir. Respublikamızda idmana və idmançılara göstərilən qayğı, idmana cavabdehlik daşıyan bütün qurumların – Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, federasiyalar, idman cəmiyyətləri, idman mütəxəssisləri, məşqçilər və idmançıların vahid mövqe nümayiş etdirərək bir ailə kimi fəaliyyət göstərməsi uğurun əsas şərtidir.
Dövlətin idman sahəsindəki siyasəti, habelə Güləş Federasiyasının işini müasir tələblər səviyyəsində qurması bu sahədə ciddi dönüşün yaranmasına səbəb olub. Belə ki, federasiya rəhbərliyi güləşi daha da kütləviləşdirmək, regionlarda çox sayda yeniyetmə və gənci güləşə cəlb etmək üçün genişmiqyaslı iş aparır. Güləş Federasiyasının regionlarla sıx əlaqələr qurması, yerlərdə güləşçilərin qayğı və problemlərinə həssas münasibət bəsləməsi də bu sahədə önəmli addım sayılmalıdır.
Naxçıvanda yaşayan beşqat dünya mükafatçısı Rövşən İsmayılxanlı respublikada idmanın bu növü ilə bağlı söhbət zamanı dedi:
– Son 17 ildə Azərbaycan güləş məktəbinin nümayəndələri bütün yarışlarda böyük uğurlar əldə ediblər. Pəhləvanlarımız iştirak etdikləri istənilən turnirin favoriti kimi dəyərləndiriliblər. Avropa və dünya çempionatlarında, habelə beynəlxalq turnirlərdə çoxsayda qızıl, gümüş və bürünc medallar qazanıblar. Bu nəticələrlə güləşçilərimiz Azərbaycanın idman şöhrətini zirvələrdə saxlayıblar.
Dövlət başçısı İlham Əliyev Güləş Federasiyasının işini yüksək qiymətləndirib: “Son illər ərzində Güləş Federasiyasında doğrudan da ciddi dönüş yaranıb. Çox gözəl ab-hava vardır. Bilirəm ki, idmançılarla federasiya əməkdaşları arasında, məşqçilər arasında çox gözəl münasibətlər vardır. Bu, məni çox sevindirir və hesab edirəm ki, hər bir sahədə işlər düzgün təşkil olunanda nəticələr də yüksək olur. Bu qələbələr, ilk növbədə, idmançıların qələbələridir, onların uğurudur. Ancaq əlbəttə ki, məşqçilər, idman mütəxəssisləri, federasiya rəhbərliyi bu qələbəyə öz töhfəsini vermişdir”.
Hazırda güləş ölkəmizdə ən populyar idman növlərindən biridir. Bu, həm tarixi-ənənəvi köklərlə, həm də hazırda respublikamızda idmana, o cümlədən, güləşə olan münasibətlə bağlıdır. Qobustan qayalarının üzərində olan rəsmlər Azərbaycanda hələ qədim zamanlarda güləşlə məşğul olunduğunu göstərir. Tarixi kökü olan bu idman növü ölkəmizdə heç vaxt ənənəsini itirməyib. Düzdür, müəyyən vaxtlarda bu sahədə tənəzzül nəzərə çarpıb. Lakin uzun illər ərzində formalaşan möhkəm baza güləş məktəbinin tamamilə sıradan çıxmasına imkan verməyib. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan idmanının beynəlxalq miqyasda qazandığı ilk medallar da məhz güləşçilərimizin adı ilə bağlıdır.
Xatırladım ki, həmsöhbətim Rövşən İsmayılxanlı 1963-cü il iyunun 1-də Naxçıvanda anadan olub. O, 1970-77-ci illərdə şəhərdəki 6 saylı orta məktəbdə oxuyub. Sonra Bakı şəhər idman təmayüllü internat məktəbində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda təhsil alıb. 1984-86-cı illərdə isə hərbi xidmətdə olub. 1986-cı ildən Naxçıvan Muxtar Respublikasında“”Spartak” idman cəmiyyətində idman bazasının direktoru vəzifəsində çalışıb.
R.İsmayılxanlı 1990-2015- ci illərdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində müxtəlif vəzifələrdə xidmət edib. Burada qüsursuz fəaliyyətə görə medallarla və əlaçı döş nişanı ilə təltif olunub. O, 1990-1994-cü illərdə sərhədlərimizin qorunmasında da fəallıq göstərib. Qarabağ müharibəsi veteranıdır.
R.İsmayılxanlı 1970-ci ildən idmanın güləş növü ilə məşğul olub. Ayrı-ayrı vaxtlarda Bakı və Azərbaycan çempionu adını qazanıb. Beşqat dünya mükafatçısıdır.
R.İsmayılxanlı söhbətində güləşdə əldə etdiyi uğurlardan danışarkən, bir məqamı xüsusi vurğuladı:
–Respublikamızda bu idman növü tarixən ənənəsini qoruyub saxlayıb. Azərbaycan pəhləvanları dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında və digər mötəbər yarışlarda öz peşəkarlıqları və ustalıqları ilə xalqımızı sevindirib, bayrağımızı ucaldıblar.
Digər idman növləri kimi, güləş də ölkə rəhbərliyinin daim diqqət və qayğısı ilə əhatə olunub. Elə bunun nəticəsidir ki, son illər beynəlxalq yarışlarda böyük uğurlar qazanan yeniyetmə, gənclər və əsas komanda üzvləri ilə yanaşı, veteran idmançılarımız da iştirak etdikləri bütün turnirlərdən müxtəlif əyarlı medallarla vətənə qayıdıblar.
R.İsmayılxanlının bu fikrinin təsdiqi üçün bir faktı xatırladım. Ötən ilin oktyabr ayında Gürcüstanın paytaxtı Tbilisidə keçirilən veteran güləşçilər arasında 21-ci dünya çempionatında məşhur pəhləvanımız, 130 kiloqram çəki dərəcəsində mübarizə aparan Rövşən İsmayılxanlı yunan-Roma növündə Qazaxıstan, ABŞ, Macarıstan və digər ölkələrin təmsilçilərinə qalib gələrək bürünc medal əldə edib. Bu, veteran güləşçimizin ardıcıl olaraq dünya çempionatlarında qazandığı beşinci medal idi.
Yeri gəlmişkən, pəhləvanımız 2015-ci ildə Yunanıstanda bürünc, 2016- cı ildə Finlandiyada gümüş, növbəti il Bolqarıstanda gümüş və 2018-ci ildə Rusiyada gümüş medala sahib çıxıb.
Hazırda Naxçıvan Dövlət Universitetində hüquq fənləri kafedrasında müəllim vəzifəsində çalışan veteran idmançı ulu öndər Heydər Əliyevin “Azərbaycanda güləş milli və ən məşhur idman növüdür, bütün dövrlərdə bizim çox məşhur güləşçilərimiz olmuşdur. Onlar müxtəlif beynəlxalq yarışlarda böyük uğur qazanmışlar” sözlərini daim rəhbər tutaraq gənc nəslin təlim-tərbiyəsində, idmana cəlb edilməsində və zərərli vərdişlərdən uzaq olmasında yaxından iştirak edir və bunun üçün səylərini əsirgəmir.
R.İsmayılxanlı növbəti mundiallarda da layiqli çıxış edərək yüksək nəticələr qazanmaq arzusu ilə yaşayır.
Vaqif Bayramov
“Xalq" qəzeti