Xəbər verdiyimiz kimi, son günlər Ermənistan–Azərbaycan qoşunlarının təmas xəttində Ermənistan ordusunun hərbi birləşmələrinin yol verdiyi təxribatçı hərəkətlər nəzərə alınaraq, UEFA Avropa Liqası turnirinin play-off mərhələsi çərçivəsində oktyabrın 1-də Varşavadakı “Wojska Polskiego” stadionunda keçiriləcək “Legiya” – “Qarabağ” oyunu ilə əlaqədar AFFA tərəfindən UEFA-ya müraciət ünvanlanıb. Müraciətdə UEFA Avropa Liqası turnirinin qrup mərhələsində 2019-cu il oktyabrın 3-də Lüksemburq şəhərindəki “Josy Barthel” stadionunda keçirilmiş “Düdelanj”–“Qarabağ” oyununun gedişində erməni təxribatçılar tərəfindən üzərində parça asılmış idarə olunan uçuş aparatının meydanın mərkəzinə doğru yönəldilməsi faktı xatırladılıb. Bildirilib ki, “Legiya”–“Qarabağ” oyununda ermənilər tərəfindən siyasi xarakterli təxribatçı addımlara yol verilməməsi üçün UEFA tərəfindən qarşılaşmaya xüsusi diqqət və həssaslıqla yanaşılmasının vacibliyi qeyd olunub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AFFA-nın müraciətinə əsasən, “Legiya”–“Qarabağ” oyununa UEFA tərəfindən xüsusi olaraq təhlükəsizlik üzrə nümayəndə təyin olunub.