Ağdamın “Qarabağ” futbol klubu UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, oktyabrın 1-də turnirin pley-off mərhələsi çərçivəsində Ağdam təmsilçisi Polşanın “Legiya” komandasının qonağı olub.
Varşavadakı “Wojska Polskiego” stadionunda keçirilən qarşılaşmada “Qarabağ”ın start heyətində Şahruddin Məhəmmədəliyev, Maksim Medvedev, Bədavi Hüseynov, Kevin Medina, Abbas Hüseynov, Qara Qarayev, Uroş Matiç, Patrik Andrade, Abdullah Zubir, Filip Ozobiç və Kvabena Ovusu yer alıblar.
Polşa təmsilçisinin ilk on birliyində isə meydana Artur Boruc, Yosip Yuranoviç, İqor Levçuk, Artur Jedrzejczyk, Filip Mladenoviç, Bartoş Kapustka, Damaqoy Antoliç, Bartoş Sliş, Joel Valensiya, Rafael Lopeş və Tomaş Pexart çıxıblar.
Almaniyadan olan hakimlər briqadası idarə etdiyi matça Qarabağ” fəal başlasa da, ilk hissədə fərqlənməyi bacarmayıb. Birinci hissə 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.
Qarşılaşmanın 50-ci dəqiqəsində “Qarabağ”ın futbolçusu Kvabena Ovusunun ötürməsini Patrik Andrade baxımlı qolla tamamlayıb. On iki dəqiqə sonra Ağdam təmsilçisinin müdafiəçisi Abdullah Zubir komandasının ikinci topunu “Legiya”nın qapısından keçirib. Görüşün 70-ci dəqiqəsində Filip Ozobiç hesab arasındakı fərqi artırıb və bu, matçda vurulan sonuncu qol olub.
Beləliklə, “Qarabağ” komandası “Legiya”ya 3:0 hesabı ilə qalib gəlib. Ağdam klubu bu qələbəni əsgər salamı ilə qeyd edib.
Yeni reqlamentə əsasən, mərhələ bir oyundan ibarət olduğu üçün “Qarabağ” qrup mərhələsinə vəsiqə qazanıb.
“Qarabağ” ardıcıl 7-ci mövsüm avrokubokların qrup mərhələsində iştirak hüququna yiyələnib. Ağdam komandası Avropa Liqasının qrup mərhələsində isə 6-cı dəfə mübarizə aparacaq.
Komandamızın rəqibləri oktyabrın 2-də keçiriləcək püşkatma mərasimində müəyyənləşəcək.