Bu gün futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasında dördüncü oyununu keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, millimiz Kipr yığması ilə qarşılaşacaq.
Ermənistan ordusunun Azərbaycana qarşı genişmiqyaslı hərbi təxribatları ilə əlaqədar oyun neytral meydanda - Albaniyadakı Elbasan şəhər stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
Komandamız Ermənistan silahlı qüvvələri tərəfindən respublikamızın müxtəlif şəhərlərinin və digər yaşayış məntəqələrinin atəşə tutulması nəticəsində dünyasını dəyişmiş mülki şəxslərin, dinc sakinlərin xatirəsinə ehtiram əlaməti olaraq oyuna qara sarğı ilə çıxacaq.
Bunadək qrupda keçirdiyi 3 oyunda 1 qələbə qazanıb, 2 dəfə məğlub olan yığmamız 3 xalla üçüncü pillədə qərarlaşıb. Kiprlilərin isə xalı yoxdur. Azərbaycan millisi yeganə qələbəsini ikinci turda səfərdə Kipr üzərində əldə edib - 1:0.
Azərbaycan millisi bu görüşə ciddi itki ilə çıxacaq. Komandanın heyətində cəzalı Bədavi Hüseynovun oyunu buraxacağı dəqiqdir. Kapitan Maksim Medvedev, hücumçu Əli Qurbani və müdafiəçi Təmkin Xəlilzadənin isə forma geyinməsi sual altındadır.