İyulun 14-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə Belçika və İngiltərə yığma komandaları üz-üzə gəliblər.
NUHÇIXAN xəbər verir ki, Sankt-Peterburq şəhər stadionunda oynanılan görüşdə Belçika millisi 2:0 hesabı ilə qalib gələrək çempionatın bürünc medallarına sahib olub.
İranlı referi Əlireza Faqaninin idarə etdiyi oyunda hesab matçın 4-cü dəqiqəsində açılıb. Belçika yığmasının hücumçusu Romelu Lukakunun mərkəzdən gözəl ötürməsindən sonra Naser Şadli sol cinahdan təhlükəli hücum təşkil edib. Onun bu cinahdan rəqibin cərimə meydançasına ötürməsindən sonra topa müdafiəçidən əvvəl özünü yetirən Tomas Mounye adını tabloya yazdırıb – 1:0.
Bu qoldan sonra komandaların qarşılıqlı hücumlarına və yaratdıqları təhlükəli vəziyyətlərə baxmayaraq, birinci hissədə hesab dəyişməyib.
Matçın ikinci hissəsində ingilislər hesabı bərabərləşdirmək üçün bir neçə dəfə qol vəziyyəti yaratsalar da, bundan fərqlənə bilməyiblər. İngilislərdən fərqli olaraq rəqibi təhlükəli əks-hücumlarla “yaxalamağa” çalışan belçikalılar görüşün 82-ci dəqiqəsində hesab arasındakı fərqi artırıblar. Belçikalıların sürətli əks-hücumu zamanı Kevin De Bruynenin gözəl ötürməsindən sonra qapıçı ilə təkbətək qalan Eden Hazard topu yaxın küncə göndərib – 2:0.
Qalan dəqiqələrdə qapılara əlavə qol vurulmayıb.
Beləliklə, XXI dünya çempionatında üçüncü yer uğrunda görüşdə İngiltərə yığmasına 2:0 hesabı ilə qalib gələn Belçika millisi bürünc medallara sahib olublar. Belçika millisi tarixdə ilk dəfə dünya çempionatını medalla başa vurub. İngiltərə yığması isə 28 il əvvəl olduğu kimi, yenə də medalsız qalıb.
Xatırladaq ki, hər iki komanda dünya çempionatlarında ikinci dəfədir bürünc medallar uğrunda qarşılaşıblar. Belçika ilk dəfə 1986-cı ildə üçüncü yer uğrunda əsas vaxtı heç-heçə başa çatan görüşdə Fransaya məğlub olub – 2:4. İngiltərə yığması isə 1990-cı ildə ev sahibi İtaliya millisinə 1:2 hesabı ilə uduzaraq çempionatı medalsız başa vurub.
Bu komandalar “Rusiya 2018”də ikinci dəfə üz-üzə gəliblər. Çempionatda mübarizəyə “G” qrupunda başlayan komandalar ilk iki görüşlərini qələbə ilə başa vurublar. Belçikalılar Panamanı 3:0, Tunisi isə 5:2 hesabı ilə məğlub ediblər. İngilislər isə Tunisi 2:1, Panamanı 6:1 hesabı ilə məğlubiyyətə uğradıblar. “G” qrupunda sonuncu görüşdə “qırmızı şeytanlar” “dumanlı albion” təmsilçisinə minimal hesabla qalib gəliblər.