İyulun 15-də Rusiyada keçirilən futbol üzrə XXI dünya çempionatının final görüşü keçiriləcək.
NUHÇIXAN xəbər verir ki, dünya çempionunu müəyyənləşdirəcək qarşılaşmada Fransa və Xorvatiya yığmaları üz-üzə gələcəklər. Dünya çempionatında finala qədər keçirilən oyunların heç birində məğlub olmayan bu komandalar arasındakı qarşılaşma Moskvanın “Lujniki” stadionunda baş tutacaq.
1998-ci ildə ilk dəfə dünya çempionu adını qazanan Fransa yığması 20 ildən sonra bu tarixi nəticəni təkrarlamaq istəyir. Xorvatiya yığması isə dünya çempionatları tarixində ilk dəfə final qarşılaşmasına çıxacaq.
Bakı vaxtı ilə saat 19:00-da başlayacaq oyunu argentinalı hakim Nestor Pitana idarə edəcək.
Xatırladaq ki, çempionatın bürünc medalını Belçika yığması qazanıb. III yer uğrunda keçirilən qarşılaşmada Belçika yığması İngiltərəni 2:0 hesabı ilə məğlub edib.