İspaniyanın “Barselona” futbol klubunun qış transfer pəncərəsi üçün planları məlum olub.
NUHÇIXAN İnformasiya Agentliyi “Mundo Deportivo”ya istinadla xəbər verir ki, Kataloniya klubu Junior Firpo, Martin Braytvayt və Karis Alenanı satmaq istəyir.
La Liqa təmsilçisi Fransanın “Lion” klubundan Memfis Depayı və İngiltərənin “Mançester Siti” komandasından Erik Qarsiyanı transfer etmək niyyətindədir.
Həmçinin baş məşqçi Ronald Kuman futbolçusu Usman Dembeleni komandadan göndərməkdən imtina edib. O, digər hücumçu Ansu Fati zədəli olduğu üçün Dembeleni saxlamaq qərarına gəlib. Lakin 23 yaşlı oyunçunun müqaviləsinin 2022-ci ildə başa çatması vəziyyəti çətinləşdirir. Əgər Dembele yeni sözləşmə imzalamazsa, “Barselona” onu satmaq məcburiyyətində olacaq.
Bundan əlavə, klub yarımmüdafiəçisi Rikki Puç ilə də yolları ayırmaq istəmir. Rəhbərlik oyunçunu icarəyə verərək, büdcəyə qənaət etməyin tərəfdarıdır.
Qeyd edək ki, “Barselona” hazırda La Liqanın turnir cədvəlində 11 xalla 8-cidir, UEFA Çempionlar Liqasının G qrupunda isə 9 xalla liderdir.