NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Təhsil və Gənclər və İdman nazirliklərinin birgə təşkilatçılığı ilə yaradılan 185 idman klubu 118 məktəbdə 12 idman növü üzrə fəaliyyət göstərəcək. İdman klublarının təqdimatı münasibətilə Naxçıvan Dövlət Texniki Kollecində keçirilən tədbirdə Təhsil naziri Rəhman Məmmədov qeyd edib ki, Nazirliyin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində kadr potensialı və mövcud şərait nəzərə alınmaqla yaradılan idman klubları uşaq və gənclərin idmana cəlbinin kütləviləşməsində, onların fiziki sağlamlığının qorunmasında, eləcə də asudə vaxtlarının səmərəli təşkilində mühüm rol oynayacaqdır.
Bildirilib ki, ümumtəhsil müəssisələrində 33 futbol, 16 mini futbol idman meydançası, 196 idman zalı və açıq idman qurğuları, şahmat sinifləri şagird və müəllimlərin ixtiyarına verilib. Uşaq-Gənclər Şahmat və İdman məktəblərinin infrastrukturu yenilənib, həmçinin şahmatla bağlı elektron tədris vəsaitləri ilə təchiz olunub, şahmat fənnini tədris edən müəllimlərin sertifikasiyası aparılıb, 505 müəllim sertifikatla təmin edilib. Hazırda muxtar respublika ümumtəhsil məktəblərində 364 fiziki tərbiyə müəllimi fəaliyyət göstərir ki, onlardan 35-i müəllimlərin işə qəbulu müsabiqələrində ən yüksək nəticə göstərən gənc kadrlardır. Təhsil müəssisələrində idman infrastrukturunun və kadr potensialının yaxşılaşdırılmasının nəticəsidir ki, bədən tərbiyəsi və idman ixtisaslarına maraq artıb. Təkcə ötən tədris ilində ümumilikdə 36 məzun ali məktəblərin idman ixtisaslarına qəbul olunub.
Tədbirdə digər çıxış edənlər təhsil müəssisələrində idman klublarının yaradılmasının şagirdlərin fiziki cəhətdən sağlam böyümələrində, istedadlı idmançıların üzə çıxarılmasında mühüm rol oynayacağını bildiriblər.
Sonda yaradılan təhsil idman klublarının tədbirlər planı müzakirə olunub.
Sadiq Məmmədov