Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasının X turuna start veriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, gün ərzində keçiriləcək yeganə oyunda “Qarabağ” doğma meydanda “Sumqayıt”ı qəbul edəcək. Matç saat 16:00-da “Azərsun Arena”da başlayacaq. Oyunun idarə edilməsi İnqilab Məmmədova tapşırılıb.
Noyabrın 21-də keçirilməsi nəzərdə tutulan “Sabah” – “Səbail” qarşılaşması bəzi futbolçuların COVID-19 testindən yenidən keçəcəyi üçün təxirə salınıb.
Noyabrın 22-də Qəbələ şəhər stadionunda keçiriləcək “Qəbələ” – “Neftçi” matçında baş hakim funksiyasını Rəvan Həmzəzadə yerinə yetirəcək. Matç saat 14:00-da başlayacaq. Tura həmin gün keçiriləcək “Zirə” – “Keşlə” oyunu ilə yekun vurulacaq. Əliyar Ağayevin idarə edəcəyi qarşılaşma saat 16:00-da start götürəcək”.
Bütün oyunlar “CBC Sport” kanalı ilə yayımlanacaq.
Qeyd edək ki, doqquz turdan sonra turnir cədvəlinə 15 xalla “Sumqayıt” klubu başçılıq edir. Aktivində 15 xal olan “Qarabağ” ikinci, 15 xalı olan “Zirə” isə üçüncü yerdə qərarlaşıblar. Digər pillələrdə müvafiq olaraq “Neftçi” (14), “Keşlə” (12), “Səbail” (9), “Qəbələ” (8) və “Sabah” (6) yer alıblar.