Bu gün Azərbaycan Premyer Liqasında X turun daha 2 görüşü keçiriləcək.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, günün ilk matçı Qəbələdə eyniadlı komanda ilə “Neftçi” arasında olacaq. Flaqman yeni baş məşqçisi Samir Abasovun rəhbərliyi altında ilk oyununa çıxacaq.
Doqquz oyundan 14 xal toplayan “ağ-qaralar” 4-cü pillədə qərarlaşıblar. Əyalət təmsilçisi isə 8 xalla 7-ci yerdədir.
Komandalar indiyədək ölkə çempionatında 48 dəfə üz-üzə gəliblər. Paytaxt klubu bu görüşlərin 22-də qələbə qazandığı halda, “qırmızı-qaralar” 16 dəfə 3 xala seviniblər. 10 matçda isə heç-heçə qeydə alınıb. Vurulan qolların sayında da qonaqlar üstündür - 68:59. “Neftçi” ardıcıl 13 oyunda meydanı qolsuz tərk etməyib. “Qəbələ” son üç ev qarşılaşmasında xal qazana bilməyib.
Günün digər matçı isə Zirədə baş tutacaq. On beş xalla 3-cü sırada olan eyniadlı qəsəbə təmsilçisi “Keşlə” ilə münasibətlərinə aydınlıq gətirəcək. Rəqibindən 3 xal geri qalan Yunis Hüseynovun başçılıq etdiyi kollektiv 5-ci pillədə yer alıb. İndiyədək 20 dəfə qarşılaşmış komandaların duelində hər iki tərəf 6 qalibiyyət alıb, 8 oyun bərabərliklə nəticələnib. Meydan sahiblərinin 23 qoluna qonaqlar 24 topla cavab veriblər. Son 3 qarşılaşmada 4 və ya daha çox qol vurulub. “Zirə” son iki ev oyununda qalib gəlib.