Azərbaycanlı qrossmeyster Teymur Rəcəbov "Skilling Open" turnirinin dörddəbir final mərhələsinə vəsiqə qazanıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, rapid üzrə keçirilən yarışın üçüncü gününün oyunlarına şahmatçımız rusiyalı Sergey Karyakin üzərində qələbə ilə başlayıb. Hikaru Nakamura (ABŞ), Le Quanq Liem (Vyetnam), Vidit Quyrati (Hindistan) və Uesli So (ABŞ) ilə görüşlərini heç-heçə ilə başa vuraraq 8 xal toplayan T.Rəcəbov yekun nəticədə 6-cı olub.
Qeyd edək ki, 16 şahmatçının iştirakı ilə keçirilən ilkin mərhələnin yekunlarına görə, ilk səkkizlikdə qərarlaşan şahmatçılar pley-offda mübarizəni davam etdirmək şansı qazanıblar. T.Rəcəbovla yanaşı, Maqnus Karlsen (Norveç), Hikaru Nakamura, Uesli So (hər ikisi ABŞ), Yan Nepomnyaşi (Rusiya), Levon Aronyan (Ermənistan), Maksim Vaşye-Laqrav (Fransa) və Aniş Qiri (Niderland) də dörddəbir finala vəsiqə əldə ediblər.