Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub. NUHÇIXAN Oyunların rəsmi saytına istinadla xəbər verir ki, oyunların proqramına 33 idman növü üzrə 339 yarış daxil edilib.
İlk yarışlar iyulun 22-23-də keçiriləcək. İyulun 24-də rəsmi açılış mərasimi planlaşdırılır və növbəti gün ilk medallar uğrunda yarışlar baş tutacaq. Avqustun 9-da yarışların bağlanış mərasimi keçiriləcək.
Qeyd edilir ki, beysbol və softbol üzrə turnirlər zamanı oyunların cədvəli dəyişdirilə və ya ona əlavələr edilə bilər. Futbol üzrə oyunların cədvəli isə FİFA tərəfindən cari ilin oktyabrında təsdiq ediləcək.
BOK-un 2016-cı ilin yayında keçirilən sessiyası zamanı 2020-ci il Olimpiadasının proqramına beş yeni idman növünün daxil edilməsi barədə qərar qəbul olunub. Buraya beysbol/softbol, karate, serfinq, dağa dırmanma və skeytbordinq idman növləri daxildir.