Dekabrın 3-də UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turunun ən yaxşı futbolçusu adına namizədlərin adları açıqlanıb.
NUHÇIXAN İnformasiya Agentliyi UEFA-nın saytına istinadla xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirinin beşinci turu çərçivəsində keçirilən oyunların nəticələrinə əsasən həftənin ən yaxşı futbolçusu adına Olivye Jiru (“Çelsi”), İrfan Kahveci (“Başakşəhər”), Merqim Beriş (“Zalsburq”) və Rumelu Lukaku (“İnter”) iddialıdırlar.
O.Jiru komandasının İspaniyanın “Sevilya” klubunu 4:0 hesabı ilə məğlub etdiyi görüşdə bütün qolların müəllifi olub. İ.Kahveci evdə Almaniyanın “Leyptsiq” komandasına 3:4 hesabı ilə uduzduğu matçda het-trik edib. M.Beriş komandasının Moskvada “Lokomotiv” klubuna 3:1 hesabı ilə qalib gəldiyi oyunda dubl edib. R.Lukaku isə “İnter”in səfərdə Almaniyanın “Borussiya Mönhenqladbax” komandasına 3:2 hesabı ilə qalib gəldiyi görüşdə iki dəfə fərqlənib.
Qalib UEFA-nın saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində bəlli olacaq.