NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, forum Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun təşkilatçılığı ilə baş tutub.
“Zoom” platforması üzərindən həyata keçirilən Forumda iştirakçıları salamlayan Milli Məclisin deputatı, Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev bu tədbirin mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirib. Birliyin və fərqli düşüncələrin təntənəsi olan könüllülük hərəkatını muxtar respublikamızın müasirləşməsi və inkişafı hədəflərinə yönəldə biləcəyimizi söyləyən Cəbi Quliyev Forumun məqsədini nəzərə çatdırıb.
Vurğulanıb ki, Naxçıvanda da bir çox dövlət qurumunda könüllü qrupları yaradılıb. Belə ki, bu gün muxtar respublikamızda Gənclər Fondu, Sosial, Ekologiya, Səyyari dövlət qulluğu, Turizm, Ədliyyə, Məhkəmə, Gənclər və İdman Nazirliyi, Sədərək, Şahbuz könüllüləri qrupları uğurla fəaliyyət göstərirlər. Cəbi Quliyev Naxçıvanda könüllülük fəaliyyətinin inkişafı üçün yaradılan şəraitə görə Ali Məclisin Sədrinə minnətdarlıq edib.
Qeyd edək ki, Forumda könüllülük fəaliyyətinin müsbət tərəflərindən, Naxçıvan könüllülərinin il ərzindəki uğurlarından, görülən işlərdən və gələcək perspektivlərdən söhbət açılıb, könüllü gənclərin təklifləri dinlənilib. Sonda Gənclər Fondunun icraçı direktoru qarşıdan gələn 5 dekabr - Beynəlxalq Könüllülər Günü münasibətilə könüllüləri təbrik edib və Foruma yekun vurub.
Əli İbrahimbəyli