Dekabrın 5-də futbol üzrə İspaniya La Liqasının 12-ci turunun növbəti oyunu keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, çempionatın iddialı klubu sayılan “Barselona” səfərdə “Kadiz” klubunun qonağı olub. Görüş gözlənilmədən meydan sahiblərinin qələbəsi ilə başa çatıb - 2:1.
Oyunda hesabı “Kadiz” açıb. Alvaro Ximenez fərqlənib. Matçın 57-ci dəqiqəsində “Kadiz”in futbolçusu Pedro Alkara avtoqola imza atıb. Matçın 63-cü dəqiqəsində isə “Kadiz” yenidən hesabda önə keçib. Alvaro Neqredo adını tabloya yazdırıb.
Bu nəticədən sonra “Barselona” 14 xalla 7-ci, “Kadiz” isə 18 xalla 5-ci yerdə qərarlaşıb.
“Barselona”nın əzəli rəqibi “Real Madrid” isə növbəti oyununu səfərdə “Sevilya” klubu ilə keçirib. Görüş madridlilərin minimal hesablı qələbəsi ilə başa çatıb - 1:0.
Oyunda yeganə qolu 55-ci dəqiqədə “Sevilya”nın futbolçusu Bomo öz qapısına vurub.
La Liqanın lideri “Atletiko Madrid” isə öz meydanında “Valyadolid” klubunu 2:0 hesabı ilə məğlub edib.